25 May 2026

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyi yeni “İstedad sərgisi” layihəsinə start verir. Layihənin əsas məqsədi əmək bazarında yüksək potensiala malik peşəkarları aşkar etmək, onların bacarıqlarını ön plana çıxarmaq və aparıcı işəgötürənlərlə birbaşa əlaqələndirməkdir.
Agentlik tərəfindən həyata keçirilən layihə çərçivəsində iştirakçılar qarşılıqlı seçim prinsipi əsasında işəgötürənlərlə görüşmək, öz peşəkar bilik və bacarıqlarını təqdim etmək imkanı əldə edəcəklər. Bununla yanaşı, layihənin dayanıqlı məşğulluğun artırılmasına və peşəkar inkişaf imkanlarının genişləndirilməsinə töhfə verməsi nəzərdə tutulur.
“İstedad sərgisi” layihəsi üzrə əmək bazarında daha çox tələb olunan və yüksək rəqabət qabiliyyətinə malik 10 fəaliyyət istiqaməti müəyyənləşdirilib. Bunlar satış, mühasibatlıq və maliyyə, satınalma və təchizat, proqram təminatı, rəqəmsal marketinq, SMM, data analitika, insan resursları, biznes analitika və müştəri xidməti sahələridir.
Qeyd olunan istiqamətlər üzrə ixtisaslaşan və aparıcı şirkətlərdə karyera qurmaq istəyən şəxslər layihədə iştirak edə bilərlər. Layihəyə seçilən namizədlər ilk mərhələdə Agentliyin Mərkəzi Karyera filialı tərəfindən müxtəlif təlimlərə cəlb olunacaq. Daha sonra iştirakçılar öz bacarıq və nailiyyətlərini birbaşa işəgötürənlərə təqdim etmək imkanı qazanacaqlar.
Layihənin həm iş axtaran şəxslər, həm də ixtisaslı kadr axtarışında olan şirkətlər üçün yeni imkanlar yaradacağı gözlənilir.
Qeydiyyatdan keçmək üçün link: https://survey.sosial.gov.az/index.php/716756?lang=az