05 May 2026 | Marketinq

“Chanel” brendinin yeni “Cruise” kolleksiyasında təqdim etdiyi qeyri-adi ayaqqabı dizaynı moda dünyasında böyük rezonans doğurub. Görüntülər həmçinin sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub. Belə ki, dizaynın həm yaradıcı, həm də praktik baxımdan suallar doğurması onu internetdə viral mövzulardan birinə çevirib. Son dövrlərdə digər lüks moda evləri də oxşar şəkildə diqqətçəkən və bəzən mübahisəli məhsullarla gündəmə gəlir.
Markalar niyə bu qədər diqqətçəkən, mübahisəli məhsullar təqdim edirlər?
Bu tip ayaqqabı, çanta və geyimlər son illərdə bir çox brendin trend məhsullarına çevrilib. Bu məhsulların birbaşa satılıb-satılmaması brend üçün həlledici deyil. Onlar daha çox digər məhsulların satışını stimullaşdıran katalizator rolunu oynayır. Buna nümunə kimi, vaxtilə qlobal trendə çevrilən “zibil torbası” formasında çantanı göstərmək olar. “Balenciaga”nın təqdim etdiyi bu məhsul ilk baxışda istehlakçı ilə “zarafat” kimi görünsə də, əslində arxasında ciddi marketinq strategiyası dayanır. Məqsəd məhsulun özündən çox onun ətrafında yaranan diqqət və müzakirəni gəlirə çevirməkdir.
Bu yanaşma diqqət, mövqelənmə və dolayı satış prinsiplərinə əsaslanır:
“Müasir dövrdə diqqət iqtisadiyyatı şəraitində əsas dəyər reklamdan çox danışılmaqdır. Qeyri-adi məhsullar sosial mediada müzakirə yaradır, media tərəfindən işıqlandırılır və nəticədə brend milyonlarla istifadəçiyə ödənişsiz şəkildə çatır. Məsələn, “Balenciaga”nın IKEA çantasına bənzər modeli və “zibil torbası” dizaynlı çantası qlobal müzakirəyə səbəb olub, klassik reklam kampaniyasından daha yüksək PR effekti yaradıb. Mövqelənmə baxımından lüks brendlər funksionallıqdan çox ideya və status satır. Qeyri-adi məhsullar vasitəsilə brend “biz trendi izləyən yox, onu yaradan tərəfik” mesajını verir. Bu yanaşma onları kütləvi bazardan fərqləndirir və premium imici gücləndirir.
Dolayı monetizasiya isə bu strategiyanın əsas hissəsidir. Bu tip məhsulların satış həcmi məhdud olsa da, yaratdığı maraq və trafik əsas gəlir mənbəyinə çevrilir. Məsələn, “Balenciaga” üzrə açıq məlumatlara görə, brend yarım il ərzində yüz minlərlə məhsul sataraq yüz milyonlarla dollar dövriyyə yaradır. Bu portfeldə qeyri-adi məhsulların payı az olsa da, onlar ümumi satışların artmasına ciddi təsir göstərir. Praktiki olaraq əvvəlcə diqqət cəlb olunur, sonra müzakirə formalaşdırılır və sonda bu maraq kommersiya məhsullarına yönləndirilir. “Chanel”in bu addımı da eyni məntiqə, yəni brend ətrafında müzakirəyə hesablanıb, həmin diqqəti sistemli şəkildə gəlirə çevirməyə əsaslanır”.
Marketing and PR Expert | Digital Marketing Lead | Product Owner | Writer1 həftə əvvəl