08 May 2026 | Marketinq

Meta platformalarında reklam xərclərinin artması təsadüfi deyil. Bu, bir neçə paralel prosesin nəticəsidir.
Birincisi, bazarda reklamverənlərin sayı kəskin şəkildə artıb. Kiçik və orta bizneslərin rəqəmsallaşması sürətləndikcə, hamı eyni auditoriyanın diqqəti uğrunda yarışır. Diqqət isə məhdud resursdur və təbii olaraq qiyməti artır.
İkincisi, istifadəçi davranışında ciddi dəyişiklik var. İstifadəçilər artıq reklama qarşı daha “kor” olub, yəni klassik reklam mesajları əvvəlki kimi təsir etmir. Bu da o deməkdir ki, eyni nəticəni əldə etmək üçün daha çox büdcə tələb olunur.
Üçüncü faktor isə texnoloji məhdudiyyətlərdir – xüsusilə data izləmə və targetləmə imkanlarının məhdudlaşması (məsələn, “privacy” yenilikləri) reklam effektivliyini aşağı salır və nəticədə xərclər artır.
Amma burada əsas problem qiymətin artması deyil. Əsas problem ondan ibarətdir ki, bizneslərin böyük hissəsi, hələ də, köhnə yanaşma ilə işləyir. Yəni “büdcəni artır, nəticə gələcək” məntiqi ilə hərəkət edir. Halbuki bu günkü mühitdə effektivlik yalnız büdcə ilə yox, strategiya ilə müəyyən olunur.
Alternativlərə gəldikdə isə, bunu üç istiqamətdə izah etmək daha düzgün olar.
Birinci istiqamət – platforma alternativləridir. Qısa video əsaslı platformalar, xüsusilə TikTok hazırda daha aşağı CPM ilə daha geniş çatım imkanı yaradır. Lakin burada kritik məqam odur ki, TikTok Meta-nın alternativi kimi deyil, fərqli bir mühit kimi qəbul olunmalıdır. Burada “polished” reklamlar yox, daha səmimi, real və “native” kontent işləyir. Eyni reklam videonu hər iki platformada istifadə etmək əksər hallarda nəticə vermir.
İkinci istiqamət – kontent və kommunikasiya alternativləridir. Son dövrlərdə influencer marketinq və istifadəçi tərəfindən yaradılan kontent (UGC) modelləri ciddi şəkildə ön plana çıxıb. Bunun səbəbi çox sadədir: insanlar artıq brendlərin dediklərinə yox, digər insanların təcrübələrinə daha çox inanır. Bu isə reklamın formasını dəyişir - brend danışmır, istifadəçi danışır. Praktikada biz görürük ki, düzgün seçilmiş mikro-influencer kampaniyaları bəzən ənənəvi reklamlardan daha yüksək ROI verir.
Üçüncü və ən vacib istiqamət isə – “owned media” və uzunmüddətli aktivlərin qurulmasıdır. Bir çox biznes bütün diqqətini ödənişli reklamlara yönəldir və bu da onları platformadan asılı vəziyyətə salır. Halbuki paralel olaraq sosial media səhifələrinin inkişafı, kontent kitabxanasının yaradılması, email bazanın böyüdülməsi kimi addımlar atılmalıdır. Bu yanaşma qısa müddətdə yox, uzun müddətdə xərcləri optimallaşdırır və brendin dayanıqlığını artırır.
Bundan əlavə, performans marketinqin özü də transformasiya olunur. Əvvəllər əsas fokus birbaşa satış (conversion) üzərində idisə, indi funnel yanaşması daha da önəm qazanır. Yəni istifadəçi əvvəlcə kontentlə tanış olur, sonra brendlə interaksiya qurur və yalnız bundan sonra alış qərarı verir. Bu prosesi nəzərə almadan qurulan kampaniyalar isə baha başa gəlir və aşağı nəticə verir.
Nəticə olaraq demək olar ki, Meta reklamlarının bahalaşması bir problem deyil, daha çox xəbərdarlıqdır. Bu, bazarın daha yetkin mərhələyə keçdiyini göstərir. Artıq yalnız büdcə ilə yox, strategiya, kontent və düzgün kanal seçimi ilə fərqlənmək lazımdır. Bu dəyişiklikləri anlayan və uyğunlaşan bizneslər üçün isə alternativlər sadəcə çıxış yolu yox, eyni zamanda yeni imkanlar yaradır.