01 Avq 2025 | Xidmət
Ekspeditor kimdir, ekspeditorlar nə iş görür və ekspeditor iş elanları 2025
Dünyada müntəzəm istifadə olunan nəqliyyat vasitələrinin sayı durmadan artır. Buna insan sayının və buna müvafiq olaraq istehlak səviyyəsinin getdikcə daha çox artması əsas səbəblərdəndir. Belə deyək ki, sayımız çoxaldıqca istəklər və tələbatlar da artır. Nəticədə dünya üzrə qidadan tutmuş elektronika məhsullarına, tibbi vasitələrə, kosmetika məhsullarına, avadanlıqlara və digərlərinə qədər hər şeyi həm istehsal etmək, həm istehlak etmək, həm də idxal və ixrac etmək getdikcə daha da aktuallaşır. Əslində bunu daha yaxından elə öz həyatımızdan izləyə bilərik. Məsələn, sonuncu dəfə haradan və nəyi sifariş etmisiniz? Fərqi yoxdur, bu, yerli mağaza, yaxud xarici brendlər ola bilər. Hansısa sevimli kitab setləri, aksesuarlar, rəsm ləvazimatları, geyimlər və s. ola bilər. Yaxud da ənənəvi alış-verişə sadiq qalanlardansınızsa, yəqin ki, zaman-zaman sevimli mağazalarınıza baş çəkmədən dayana bilmirsiniz.
Bəs heç düşünmüsünüz ki, məhsullar necə olur ki, ehtiyac olan anlarda ya mağaza rəflərində, ya da veb-sayt kataloqlarında hər zaman yer alır. Yəni məhsullar dəyişə, yaxud bitə bilər, ancaq nadirən vitrinlər boş qalar. Hər zaman mağazaların bizə təklif etdikləri məhsulları olur. Təbii ki bunun arxasında bu prosesi tənzimləyən, idarə edən, böyük zəhmətlərə qatlaşan komanda dayanır. Hansı ki bu gün onlardan biri olan ekspeditorlar haqqında danışacağıq.
Ekspeditor iş elanları burada!
Ekspeditor loqistika və nəqliyyat zəncirində malların daşınmasının bir və ya bir neçə mərhələsini təşkil edən şəxsdir. Onlar dəniz daşımaları, idxal-ixrac, gömrük rəsmiləşdirilməsi və bəyanatla məşğul olurlar. Beləliklə, ekspeditorlar yükdaşımanın təşkil olunmasında, vaxt və xərclərə qənaət üçün ən səmərəli marşrutun təşkilində, sığortanın təmin olunmasında, göndərişə uyğun qablaşdırmanın müəyyənləşdirilməsində, yükün saxlanmasında və ya paylanmasının təşkil edilməsində yaxından iştirak edirlər. Ekspeditorlar idxalçılar, ixracatçılar və digər şirkətlər arasında üçüncü şəxs olaraq araya girir və yükdaşımanın istənilən nəqliyyat növü ilə təhlükəsiz, səmərəli və sərfəli şəkildə təşkilini həyata keçirirlər. Onlar nəqliyyat vasitələrinə malik olmur, lakin yüklərin səmərəli və təhlükəsiz şəkildə daşınmasını təmin etmək üçün daşıyıcılar, hava yolları, daşıma şirkətləri və yük maşınları şəbəkəsi ilə əməkdaşlıq edirlər. Onların işi bəzən vasitəçi rolu təsəvvürü yaradaraq digər əməkdaşlarla qarışdırıla bilər. Lakin nəzərdə saxlamaq lazımdır ki, ekspeditorlar beynəlxalq daşımalardan cavabdehdir və onların fəaliyyət sahəsi qanunvericiliklə rəsmi şəkildə tənzimlənir.
Ekspeditor olmağın ümumilikdə bir növ malların şəhərlər, ölkələr arası beynəlxalq daşınması kimi təsəvvür yarada bilər. Yuxarıda ümumilikdə ekspeditor işləri haqqında danışdıq. İndi isə daha detallı nüanslar, yəni ekspeditor vəzifələri ilə tanış olmaq vaxtıdır.
Məsləhət vermək və planlaşdırma etmək: ekspeditor müştərilərə ən yaxşı nəqliyyat variantları, ən səmərəli marşrutlar, ən uyğun nəqliyyat vasitələri və malların daşınması üçün zəruri olan gömrük və sənədləşdirmə tələbləri barədə məsləhətlər verir.
Logistika zəncirinin koordinasiyası: ekspeditor malların daşınması üçün logistika zəncirindəki bütün proseslərin, başlanğıc yerində yığılmasından tutmuş son təyinat yerinə çatdırılmasına qədər koordinasiya və idarə edilməsinə cavabdehdir.
Təchizatçı müqaviləsi və idarə edilməsi: ekspeditor loqistika zəncirində iştirak edən müxtəlif təchizatçıların, məsələn, göndərmə xətləri, hava yolları, quru nəqliyyat şirkətləri, anbarlar və digərləri ilə müqavilələr bağlayır və xidmətlərini əlaqələndirir.
Gömrük sənədlərinin işlənməsi: ekspeditor müxtəlif ölkələrdə malların rəsmiləşdirilməsi üçün tələb olunan bütün gömrük sənədlərinin, məsələn, kommersiya hesab-fakturaları, mənşə sertifikatları, icazələr və lisenziyalar və digərlərinin emalına cavabdehdir.
Malların monitorinqi və nəzarəti: ekspeditorlar müəyyən edilmiş zaman cədvəlinə uyğun işlərin qaydasında getməsini və malların son təyinat yerinə mükəmməl vəziyyətdə gəlməsini təmin etmək üçün loqistika prosesi boyunca mallara daim nəzarət edir.
Hadisələrin idarə edilməsi: daşıma zamanı baş verən insidentlər zamanı ekspeditor onların idarə edilməsinə və loqistika zəncirində iştirak edən təchizatçılara müvafiq tələblərin verilməsinə görə məsuliyyət daşıyır.
İnformasiyanın idarə edilməsi: ekspeditorun əsas funksiyalarından biri ən uyğun və qabaqcıl texnoloji kanallar (onlayn, yardımsız hesabatlar, inteqrasiyalar və s.) vasitəsilə bu məlumatlara çıxışı təmin etməklə öz müştərilərini və tərəfdaşlarını vaxtında məlumatlandırmaqdır.
Həmçinin oxu: İş müsahibələrində ən çox verilən suallar və cavabları!
Ekspeditor olmaq kifayət qədər məsuliyyət tələb edən sahələrdəndir. Bu peşə mütəxəssislərinə bəzən sıxıcı, bəzən gərgin, bəzən isə olduqca əyləncəli karyera vəd edir. İstənilən halda maraq varsa, deməli inkişaf və işindən zövq almaq da var. Bəlkə də yolun hansısa hissəsində ekspeditorluqdan sahibkarlığa gedən yol da… Uzatmadan yola başlamaq üçün ekspeditorların peşə bacarıqları ilə tanış olaq:
Strateji bacarıqlar
Günümüzdə təchizat zəncirləri həmişəkindən daha mürəkkəbdir. Liman sıxlığından anbarların bağlanmasına və məhsul çatışmazlığına qədər, kiçik də olsa xoşagəlməz məqamlar, pozulmuş əlaqələr baha başa gələ bilər. Buna görə də ekspeditorların işlərini hər dəfə düzgün yerinə yetirmək üçün strategiyalarını necə inkişaf etdirəcəklərini bilmələri vacibdir.
Təşkilatçılıq bacarığı
Hər bir ekspeditor özü özünün köməkçisi, planlaşdırıcısı, sifarişçisi, strateqi və maliyyə planlayıcısı olmağı bacarmalıdır. Güclü təşkilatçılıq bacarıqları sizə qərəzsiz müştəri təcrübəsi formalaşdırmağa və özünüzü sənayedəki digər mütəxəssislərdən fərqləndirməyə kömək edəcək.
İdarəetmə bacarıqları
İşinizin öhdəsindən layiqincə gəlmək üçün siz həm müştərilərin, həm də komanda yoldaşlarının iş yüklərini, eləcə də öz iş yükünüzü idarə etməli olacaqsınız. Bu işlər isə əksərən insan amilindən başlayır. Doğru insanları düzgün rollara təyin etmmək və işləri bunun üzərindən idarə etmək faydalı olacaqdır.
Çox istiqamətli bacarıqlar
Ekspeditorların gündəlik saysız sayda insanlarla əlaqədə olacağını, bir neçə işi eyni anda idarə etməli olduqlarını xatırlatmaq yerinə düşər. Bu baxımdan çox şaxəli işləmək bacarıqlarının olması mütləqdir.
Şəbəkə qurmaq bacarığı
Əlaqələr qurmaq ekspeditorlar üçün strateji əhəmiyyət daşıyır. Maksimum şəkildə buna həssas və məsuliyyətli yanaşmaq vacibdir. Hər kiçik xoşagəlməz təcrübə və əlaqə növbəti addımlar üçün böyük zərərlərə yol aça bilər. Buraya müştərilər, digər agentlər, brokerlərlər və s. hamısı daxildir.
Uyğunlaşmaq bacarıqları
Hər bir dövlətin və şəhərin yüklərin daşınması ilə bağlı öz qaydaları olduğundan, bir çox yurisdiksiyaların göndərmə qaydalarını başa düşmək və onlara əməl etmək vacibdir. Beynəlxalq daşımalarda gömrük, rüsum, tariflər və s. də vardır. Bütün bunları və hər bir xırdalığı nəzərdə saxlamaq əsas qaydalardandır.
Texniki bacarıqlar
İşləri görməyinizi təmin edən texnoloji bacarıqlara, həmçinin günümüzün aktiv olan texnoloji yeniliklərinə bələd olmaq peşəkar inkişafınızı sürətləndirəcək və işləriniiz kifayət qədər asanlaşdıracaq. Odur ki yerinizdə saymaq əvəzinə texnologiyaya meydan oxuyun.
Analitik bacarıqlar
Unutmayın ki, müştəriləriniz yüklərini A nöqtəsindən B nöqtəsinə mümkün qədər qüsursuz şəkildə çatdırmaq üçün onlara optimal göndərmə marşrutları təqdim edəcəyinizə ümid edirlər. Loqistika planlaşdırma texnologiyaları bir kənara qalsın, müştərilər üçün ən yaxşı qərarları qəbul etmək üçün siz yenə də onları nəzərdən keçirməli və təhlil etməli olacaqsınız.
Bu işdə çalışmağa başlayan andan namizədlərdə bu hiss formalaşmağa başlayır. Madam ki hansı məhsulu, haradan, necə və hansı yollarla gətirəcəyimi bilirəmsə, niyə özüm də sahibkar olmayım? Olduqca doğru yanaşmadır. Və mütəxəssislər tövsiyə edir ki, bu peşənin dərinliklərinə bələd olandandan sonra rahatlıqla kiçik də olsa öz biznesinizi qurmağa mütləq başlamalısınız. İşin dərinliklərinə bələd olduqdan sonra niyə də addım atmayasınız ki? Bir müddət çalışdıqdan sonra hansı məhsula və hansı auditoriyanın tələbatı varsa, artıq bilmiş olacaqsınız. Bu yola sizin üçün faydalı olacağını düşündüyümüz statistikanı təqdim edirik. Hansı ki gələcək təcrübənizdə bu yanaşmanı mütləq nəzərdə saxlayarsınız.
Bundan başqa özünüzü daha da inkişaf etdirmək üçün faydalı ola biləcək kurslardan bəzilərini təqdim edirik:
Ekspeditor inkişaf kursları
Loqistika baxımdan inkişaf etmək üçün - CILT International Diploma (Logistics & Transport)
Biznes maliyyəsi və marketinqi - Wharton Business Foundations Specialization (Coursera)
Beynəlxalq “FIATA-certified” sertfikatı - FIATA Diploma in Freight Forwarding
Ekspeditor vakansiyaları burada!
Kiçik, orta və böyük sahibkar olmasından asılı olmayaraq, bütün biznes sahibləri üçün xaricdən mal gətirilməsi, yaxud xaricə mal göndərilməsi zamanı ekspeditor dəstəyindən yararlanmaq olduqca vacibdir. Bunun səbəblərinə isə müddəalarla tanış olaraq nəzər yetirək:
Təcrübə və bazar bilikləri: ekspeditorlar nəqliyyat marşrutları, beynəlxalq qaydalar və gömrük təcrübələri haqqında dərin anlayışa malikdir. Bu isə gecikmələr və zərər riskini azaldır.
Xərclərin optimallaşdırılması: onlar illərlə qurulan əlaqələri və şəbəkələri sayəsində daşıyıcılarla tarifləri sahibkarlar üçün yaxşllaşdıra və nəqliyyat xərclərini münasibləşdirə bilərlər.
Fövqəladə halların idarə edilməsi: gözlənilməz hadisələr və ya fövqəladə hallar baş verdikdə, təcrübəli yük ekspeditoru nəqliyyat əməliyyatlarının fasiləsizliyini təmin edərək daha sürətli alternativ həllər tapa bilərlər.
Xüsusi xidmətlər: ekspeditorlar əksər hallarda müştəriləri üçün xüsusiləşmiş xidmət göstərilməsini təmin edə bilirlər, onlar nəqliyyat xidmətlərini malların xüsusiyyətlərinə və bazar tələblərinə uyğunlaşdırır.
İşlərin yüngülləşdirilməsi: sahibkarlar və şirkətlər sənədlərin və gömrük prosedurlarının idarə edilməsini ekspeditora həvalə etdikdə bir növ daxili fəaliyyəti səmərələşdirir, resurs və əməkdaş heyətinin fəaliyyət fokusunu optimalaşdırır, nəticədə yüklər bərabər şəkildə paylanır və iş prosesləri daha yaxşı formada davam edir.
Müasir texnologiyalarla ayaqlaşma: Ekspeditorlar daim bu işin içində olduqları üçün daşımaların daha da optimallaşdırılmasına imkan verən, loqistik əməliyyatların idarə edilməsini yaxşılaşdıran qabaqcıl proqram təminatı və izləmə sistemlərindən istifadə edirlər.
Ölkəmizdə müxtəlif şirkətlərdə elan olunan ekspeditor vakansiya tələbləri demək olar ki, oxşarlıq təşkil edir. Ümumilikdə tələb olunan bacarıqları aşağıdakı kimi qruplaşdırmaq olar:
Təhsil: Ali təhsil (Loqistika, biznesin idarə edilməsi və s.) (bəzi sürücü-ekspeditor yerlərində formal təhsil tələb olunmur)
Xarici dil biliyi : rus, ingilis, türk və s.
Texniki biliklər: Incoterms, gömrük prosedurları, konşiment/CMR, multimodal marşrut seçimi, yüklərin qablaşdırılması
İT bacarıqları: MS Office (xüsusən Excel), yük-izləmə sistemləri
Sürücülər üçün: BC kateqoriyalı sürücülük vəsiqəsi, 3-5 il idarəetmə təcrübəsi, fiziki sağlamlıq, şəhər yollarını yaxşı tanımaq və s.
Yumşaq bacarıqlar: Danışıqlar aparmaq, problem həlli, stresə davamlılıq, vaxtın idarə olunması, komanda işi
Beynəlxalq bazarlarda təmsil olunan yerli və xarici şirkətlər üçün peşəkar ekspeditor namizədlərini komandalarına cəlb etmək, onlarla əməkdaşlıq etmək hava-su kimi vacibdir. Odur ki şirkətlərin kiçikliyindən və böyüklüyündən asılı olaraq ekspeditor əməkhaqqları da fərqli ola bilər. Azərbaycanda ekspeditor maaslari 2025 - ci il üzrə ortalama olaraq 600-2.000 AZN arası dəyişir. Xarici şirkətlərdə isə, məsələn, Amerikada ekspeditor maaşı 124 000 AZN (illik), Almaniyada 74 000 AZN (illik), Dubayda 35 000 AZN (illik) təşkil edir. Təbii ki maaşlar sahə üzrə təcrübəyə uyğun təklif edilir.
Ekspeditor iş elanları ilə saytımızın vakansiyalar bölməsindən tanış ola və bu sahədə uğurlu karyera qura bilərsiniz. Zaman keçdikcə özünüzü inkişaf etdirməyi, müxtəlif təlim və layihələrə qoşulmağınızı, tədbirlərdə iştirak etməyinizi tövsiyə edirik. Həmçinin xarici dil bilikləriniz də vacibdir. İstənilən halda uğurlu karyeranıza gedən yolun ürəyinizdən keçən yoldan başlamaıs diləyi ilə! Çünki xoşbəxtlik ürəyimizcə olan bütün səbəblərdən başlayır.
Karyera və inkişaf platforması6 gün əvvəl
Karyera və inkişaf platforması6 gün əvvəl
Karyera və inkişaf platforması2 həftə əvvəl
Karyera və inkişaf platforması2 həftə əvvəl
Karyera və inkişaf platforması2 həftə əvvəl
Karyera və inkişaf platforması2 həftə əvvəl