01 Avq 2026

“Azercell Telekom” MMC-nin təşəbbüsü və dəstəyi, ADA Universiteti və ADA Universiteti Fondunun əməkdaşlığı ilə bakalavr tələbələri üçün “AI4Real Süni İntellekt Bootcamp” proqramı təşkil olunacaq.
17–21 avqust tarixlərində ADA Universitetində keçiriləcək beşgünlük intensiv proqramın əsas məqsədi gənclərin süni intellekt sahəsində praktiki bilik və bacarıqlarını inkişaf etdirməkdir. İştirakçılar süni intellekt texnologiyalarından istifadə etməklə real biznes problemlərinə innovativ həllər hazırlamaq imkanı əldə edəcəklər.
Təlimlər zamanı tələbələr süni intellektin biznes proseslərinə inteqrasiyası, qərarvermə mexanizmlərinin daha səmərəli qurulması, telekommunikasiya sektorunda tətbiq edilən AI həlləri, agent əsaslı süni intellekt — “Agentic AI” və digər aktual istiqamətlər barədə məlumat alacaqlar. Əldə edilən nəzəri biliklər real biznes nümunələri üzərində praktiki tapşırıqlarla möhkəmləndiriləcək.
Proqram çərçivəsində iştirakçılar akademik və sənaye mütəxəssislərinin mentorluğu altında komandalara bölünərək çalışacaqlar. Hər komanda real biznes ehtiyaclarının həllinə yönəlmiş süni intellekt əsaslı layihə hazırlayacaq və proqram müddətində qazandığı bilikləri praktikada tətbiq edəcək.
“AI4Real Bootcamp” müxtəlif ixtisaslarda təhsil alan I və II kurs bakalavr tələbələri üçün nəzərdə tutulub. Proqrama qoşulmaq üçün süni intellekt sahəsində əvvəlcədən bilik və ya iş təcrübəsinin olması tələb edilmir.
Proqramda iştirak etmək istəyən tələbələr 3 avqust 2026-cı il tarixinədək təqdim olunan müraciət forması vasitəsilə qeydiyyatdan keçə bilərlər. İştirakçıların seçimi yalnız müraciət formalarında təqdim edilən məlumatlar əsasında aparılacaq. Əlavə imtahan və ya müsahibə mərhələsi keçirilməyəcək.
Qeyd edək ki, “Azercell” Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyasına uyğun olaraq AI əsaslı həllərin tətbiq dairəsini genişləndirir. Şirkət eyni zamanda süni intellekt sahəsində bilik və bacarıqlara sahib peşəkar kadrların yetişdirilməsini prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib.