21 May 2025 | Digər

Menecer necə olmalıdır?

0
92 baxış
13
Menecer necə olmalıdır?

 

Menecer nədir?

Amerikan biznes maqnatı Frederik Smit deyir: “Ən yaxşı menecer özü işçilərindən daha yaxşı işləyən biri deyil. O, işçilərinə işi özündən daha yaxşı gördürə bilən şəxsdir”.  İlk cümləmizə bu sitatla başlamaqda məqsədimiz ən yaxşı meneceri axtarmaq deyil. Ən uğurlu menecerlərin necə formalaşdığına və böyük bizneslərdə, tanınmış brendlərin korporativ mühitlərində işlərin necə qaydasında getdiyinə diqqət çəkməkdir. Hər şeydən öncə “Menecer nədir?” sualına cavab tapaq. Daha sonra isə menecerlərin əslində hansı bacarıqlara sahib olması, müasir trendlərə uyğunlaşması və digər vacib nüanslara toxunacağıq. 

Menecer kimdir?

Menecer bir təşkilatın və ya komandanın məqsədlərinə çatması üçün resursları düzgün idarə edən, insanları istiqamətləndirən və qərarlar qəbul edən şəxsdir. O, həm gündəlik fəaliyyətləri planlayır, həm də gələcəyə fokuslanan və uzunmüddətli addımlar planını müəyyənləşdirir. Menecerin əsas vəzifəsi yalnız komandanı idarə etməkdən və tapşırıqları bölüşdürməkdən ibarət deyil. O, həm də komanda üzvlərini ruhlandıran,  əməkdaşların potensiallarını ortaya çıxaran və əməkdaşlıq mühitini inkişaf etdirən katalizator rolunu da oynayır.  

Menecer nədir?

 

Menecerlərin növləri - Hər sahənin öz meneceri olur

Yuxarıda menecer və onun icra etdiyi bir sıra işləri qısa və ümumi formada təsvir etdik. Bəs satış sahəsində fəaliyyət göstərən menecer digər sahələrdə də eyni vəzifəni icra edə bilərmi? Cavablarınız nə qədər nisbi xarakter daşısa da, əslində burada birbaşa “bəli”, yaxud “xeyr” cavabı verməyə tələsməməliyik. Təcrübə göstərir ki, hər bir peşəkar menecer ilk növbədə bütün sahələr üzrə fəaliyyət göstərə biləcək yumşaq bacarıqlara sahib olmalıdır. Buraya komandayla düzgün çalışmaq, prosesləri düzgün idarə etmək, liderlik, düzgün kommunikasiya bacarqları və s. kimi bacarıqlar daxildir. Növbəti mərhələdə isə istənilən sahə üzrə fəaliyyət göstərən menecerin həmin sektora yaxın-uzaq olan bir çox sahələrə də bir qədər bələd olması məqsədəuyğun olar. Məsələn innovasiya sektorunda çalışan menecerin maliyyə işlərindən xəbərdar olması vacib faktor kimi qəbul edilir. Burada düşünə bilərsiniz ki, bəs menecer olmaq üçün hərşeyşünas olmaq lazımdırmı? Xeyr, sadəcə fəaliyyət göstərəcəyiniz sahəni tez-tez dəyişməyi planlamırsınızsa, sabit bir sıra sektorlara yaxından bələd olmaq sizin peşəkarlığınızı ön plana çıxarır. İndi isə gəlin bəzi menecer istiqamətləri, yəni növləri ilə tanış olaq. Həmçinin onların hansı işləri idarə etdiyinə, komandaya nə baxımdan rəhbərlik etdiyinə nəzər salaq. Bunlardan ilhamlanaraq siz də öz sahəniz üzrə peşəkar menecer olmaq yolunda addımlaya bilərsiniz.

HR meneceri (İnsan Resursları Meneceri) - Şirkətdə işçi heyətinin idarə olunmasına cavabdehdir. İşə qəbul prosesini təşkil edir, işçilərin motivasiyası, təlimi və performans qiymətləndirilməsi ilə məşğul olur. Eyni zamanda əmək qanunvericiliyinə uyğunluğuna və təşkilati mədəniyyətin formalaşmasına nəzarət edir.

Maliyyə meneceri - Şirkətin maliyyə sağlamlığını təmin edən əsas şəxslərdəndir. Büdcə tərtib edir, xərclərə və gəlirlərə nəzarət edir, maliyyə hesabatları hazırlayır və rəhbərliyə əsaslı qərarlar vermək üçün analizlər təqdim edir. Eyni zamanda maliyyə risklərini dəyərləndirərək investisiya və qənaət strategiyalarını qurur.

Layihə meneceri - Müəyyən bir məqsədə yönəlmiş layihənin planlanması, icrası və tamamlanmasına nəzarət edir. Resursları idarə edir, zaman cədvəllərinə əməl olunmasını təmin edir, komanda ilə əlaqəni koordinasiya edir və layihənin uğurla başa çatması üçün bütün mərhələlərə rəhbərlik edir.

Satış meneceri - Şirkətin məhsul və ya xidmətlərinin satışını artırmaq məqsədilə strategiyalar hazırlayır. Satış komandasını idarə edir, performansı izləyir, yeni müştərilər cəlb etməyə və bazar payını artırmağa çalışır. Eyni zamanda müştəri münasibətlərinin qurulmasına və qorunmasına da diqqət yetirir.

Peşəkar menecerlər hansı bacarıqlara sahib olur?

İxtisasınızdan, maraq dairənizdən və hazırda fəaliyyət göstərdiyiniz sektordan asılı olmayaraq, peşəkar menecer olaraq formalaşmaq və fəaliyyət göstərmək üçün bəzi bacarıqlara sahib olmaq mütləqdir. Buraya yumşaq bacarıqlardan tutmuş texniki bacarıqlara qədər geniş istiqamətlər daxildir. Biz sizin üçün ən vacib olanları ümumiləşdirib qeyd edirik. Bacarıqların siyahısına keçməzdən öncə fransız yazıçısı Antoine de Saint Exuperidən bir sitatı xatırlamaq yerinə düşər.

682dae75568ac-1747824245.png

Yəni olduğunuz komandada və mühitdə tətbiq etmək istədiyiniz bütün strategiyaları öz bacarıqlarınızla birləşdirərək əməkdaşlarla empatiya qurmaq daha böyük nəticələr əldə etməyinizi təmin edəcək.

Liderlik bacarığı - Komandanı ruhlandırmaq, yönləndirmək və düzgün qərarlar vermək bacarığı.

Ünsiyyət bacarığı - Fikirlərini aydın və effektiv şəkildə həm yazılı, həm şifahi olaraq ifadə etmək.

Problem həll etmə - Qarşıya çıxan çətinlikləri sürətli və ağıllı şəkildə həll edə bilmək.

Vaxtın idarə olunması - Tapşırıqları prioritetləşdirmək və vaxtında yerinə yetirmək.

Strateji düşüncə - Uzaqgörən planlar qurmaq və məqsədlərə yönəlik hərəkət etmək.

Empatiya qurmaq - Komanda üzvlərini anlamaq və onlarla effektiv münasibət qurmaq.

Qərarvermə bacarığı - Sürətli və məntiqli qərarlar qəbul etmək.

Komanda idarəçiliyi - İnsanları uyğun rollara yönləndirmək və birgə işləmə mühitini gücləndirmək.

Dəyişikliklərə uyğunlaşma - Yeni vəziyyətlərə çevik şəkildə reaksiya vermək.

Performansın izlənməsi - Komanda üzvlərinin işini qiymətləndirmək və inkişaf imkanları təqdim etmək.

Ən yaxşı menecerlər komandanı necə idarə edir?

Günümüzdə ən yaxşı menecerlər komandanı yalnız tapşırıqları yerinə yetirməyə yönəltmək ənənəsini geridə qoyublar. Onlar insanlara özlərini inkişaf etdirməyə, birlikdə uğur qazanmağa və daha böyük məqsədlərə çatmağa kömək edirlər. Güclü idarəetmə bacarıqları həm də dinləmək, motivasiya etmək və komanda ruhunu gücləndirməkdir. Bəs gəlin görək ən yaxşı menecerlər öz komandalarını necə idarə edirlər? Real təcrübə və nümunələr üzərindən davam edək.

Etimada əsaslanan idarəetmə
Google-da aparılmış “Project Oxygen” adlı daxili araşdırma göstərdi ki, ən uğurlu menecerlər texniki biliklərlə yanaşı, empatiya, açıq kommunikasiya və dəstək bacarığı ilə seçilirlər. Google menecerləri işçilərin fikirlərini dinləyir, onlara sərbəst qərar vermə imkanı yaradır və səhvləri cəza yox, öyrənmə fürsəti kimi qəbul edirlər.

Aydın məqsədlər və nəticəyönümlü yanaşma
Apple şirkətində mərhum Stiv Cobs komandanı ilhamlandırmaq və vizyona uyğun istiqamət verməkdə ustalığı ilə tanınırdı. O, hər kəsin eyni məqsəd uğrunda çalışmasına şərait yaradırdı. Məsələn, iPhone-un yaradılmasında Cobsun dəqiq vizyonu və bu vizyona uyğun fokuslanma tərzi, komandada maksimum nəticə əldə etməyə səbəb olmuşdu.

Fərdi yanaşma və inkişaf fürsətləri
Facebook-un (Meta) keçmiş COO-su Şeryl Sandberq fərqli komanda üzvlərinə fərqli yanaşma tətbiq edərək onların güclü tərəflərini üzə çıxarırdı. O, daim öz fikirlərini bölüşür, işçilərin inkişaf yolunu şəxsən izləyir və onlara mentorluq edirdi. Bu yanaşma şirkətin daxili mədəniyyətində şəffaflıq və etimad mühitinin formalaşmasına səbəb olmuşdu.

Emosional zəka və dəstək imkanları
Microsoft-un CEO-su Satya Nadella şirkətə rəhbərlik etməyə başladıqdan sonra sərt rəqabət mədəniyyətini əməkdaşlığa və empatiyaya əsaslanan mədəniyyətlə əvəzlədi. Bu dəyişiklik qısa müddətdə məhsuldarlığın və innovasiyanın artmasına səbəb oldu.

Geri bildirimə açıq olmaq və çeviklik
Spotify menecerləri çevik (agile) metodologiyalara üstünlük verir. Onlar komanda daxilində daim geribildirim toplayır, təhlil aparır və yanaşmalarını çevik şəkildə yenidən qururlar. Bu, texnologiya sahəsində dəyişən tələblərə çevik reaksiya verməyə imkan yaradır.

Beləliklə, ən yaxşı menecerlər komandanı idarə etmirlər. Onlar komandanın potensialını üzə çıxarır, birlikdə böyüməyə şərait yaradır və hər kəsin uğur hekayəsində rol oynayırlar. Dünya təcrübəsi göstərir ki, empatiya, şəffaflıq, aydın məqsədlər və çevik yanaşma müasir menecerin ayrılmaz xüsusiyyətləridir.

Peşəkar menecer olmaq üçün nə etmək lazımdır? 

Bu suala cavab tapmağınızı asanlaşdırmaq üçün gəlin real həyat hekayəsi üzərindən davam edək. Çox uzağa getməyə də ehtiyac yoxdur. Bu günlərdə “LinkedIn” sosial şəbəkəsində diqqətimizi bir paylaşım çəkdi. Hazırda İT layihələri üzrə menecer olaraq çalışan Təravət Əsgərova sən demə, uşaq yaşlarında dərziliyə böyük maraq göstərib. Üstəlik bu sahə üzrə kifayət qədər bacarıqlara da sahib olub. O, paylaşımında dərziliyə olan həvəsini tamamilə başqa bir sahəylə necə birləşdirdiyini izah edirdi. Müvafiq paylaşımı təqdim edirik və düşünürük ki, bu hekayə sizə öz yolunuzu tapmaq, maraqlarınızı kənara atmadan karyeranızda necə böyük uğuralara imza atmağınız üçün ilham mənbəyi ola bilər. 

682dab9a3565e-1747823514.png

 

Ən yaxşı menecer kursları hansılardır?

Bu sualın cavabı ilə tanış olmazdan öncə bir sualı özünüzdə dəqiqləşdirməyiniz faydalı olar. “Nəyi idarə etmək istəyirsiniz?” Texnologiya? İnsan resursları? Marketinq kampaniyaları, yoxsa məhsul inkişafı? Konkret istiqamət seçdikdən sonra Coursera, Udemy kimi beynəlxalq platformalarda həm ödənişli, həm də pulsuz menecer kursları tapa bilərsiniz. İndi isə gəlin müxtəlif sahələrə uyğun ən nüfuzlu və faydalı kurslardan bəzilərini birlikdə kəşf edək.

Ümumi Layihə Menecerliyi

Layihə idarəetməsi - 👉 https://tinyurl.com/2s3aatak

Layihə idarəetmə prinsipləri və təcrübələri - 👉https://tinyurl.com/398y5ceu 

İT Layihə və Məhsul Menecerliyi

Atlassian Jira ilə Çevik Layihə İdarəetmə - 👉 https://tinyurl.com/yamr7eaz 

Rəqəmsal Məhsulun İdarə Edilməsi - 👉 https://tinyurl.com/yc3sfyn3 

HR Menecerliyi

İnsan Resurslarının İdarə Edilməsi -👉 https://tinyurl.com/mwhta9tf 

İnsan Resursları İdarəetmə Bacarıqları - 👉 https://tinyurl.com/4x5bv9uu 

Marketinq Menecerliyi

Rəqəmsal Marketinq İxtisaslaşması - 👉 https://tinyurl.com/yz7hrz5j 

Marketinq Strategiyaları  - 👉 https://tinyurl.com/5y2hcvhv 

Maliyyə və Biznes Menecerliyi

Maliyyə menecmenti - 👉 https://tinyurl.com/mr78sdkv 

Hansı universitetlərdə menecer təhsili almaq olar?

Ölkəmizdə aşağıdakı universitetlərdə menecerliklə bağlı ixtisaslar mövcuddur.

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 

  • Biznesin təşkili və idarə olunması
  • Menecment (bakalavr və magistr pillələri)

ADA Universiteti

  • Business Administration (BBA və MBA proqramları)

Xəzər Universiteti

  • Management və Business Administration ixtisasları

Qafqaz Universiteti / Bakı Mühəndislik Universiteti

  • Biznes və idarəetmə sahələri üzrə proqramlar

Ən yaxşı menecerlik təhsili verən beynəlxalq universitetlər:

Harvard Business School (ABŞ) – MBA və Executive Management

INSEAD (Fransa/Sinqapur) – Dünya üzrə top MBA proqramlarından biri

London Business School (Böyük Britaniya)

MIT Sloan School of Management (ABŞ)

IE Business School (İspaniya)

HEC Paris (Fransa)

University of Oxford – Saïd Business School

Stanford Graduate School of Business (ABŞ)

Əslində peşəkar menecer olmaq diplomlarla yox, hər şeydən öncə insanları bir ideya ətrafında toplamaq bacarığı ilə ölçülür. Təbii ki bu işin təhsilini almaq, biliklərə yiyələnmək mütləqdir. Günümüzdə menecer olmaq artıq masasının arxasında əyləşən şəxs olmaqdan daha çox insanların karyerasında, gələcək hədəflərində onların yanında addımlayan, dinləyən və ilham verən şəxslərə çevrilib. Odur ki bu işdə nəzəri biliklərlə yanaşı insanlarla düzgün kommunikasiya qurmaqdan tutmuş idarəetmə bacarıqlarına qədər hər detal önəmlidir. Əgər sən də “komandanın uğuru, mənim də uğurumdur” deyə düşünürsənsə, sən əsl menecer olmaq üçün doğulmusan deyə bilərik. Çünki menecerlik xüsusi bir vəzifə kimi insana birdən-birə verilmir, zamanla qazanılır. Bəzən bir qərarda, bəzən bir dinləyən baxışda, bəzən də sadəcə “Biz bacararıq” cümləsində. Qərarlarınızın nə olmasından asılı olmayaraq, uğurlu karyeranıza gedən bütün yollar ürəyinizdən başlasın!

Dostunla paylaş: