14 Apr 2026 | Marketinq

Bir çox sahibkarı və direktoru düşündürən bu vacib suala cavab verərkən, ilk olaraq bir məsələni dəqiq şəkildə ayırmaq vacibdir: problem platformanın imkanlarında deyil, bizneslərin bu platformaya yanaşma tərzindədir.
Hazırda yerli bizneslərin əhəmiyyətli hissəsi “TikTok”u hələ də ənənəvi reklam kanalı kimi qəbul edir. Yəni televiziyada və ya “Instagram”da işləyən klassik reklam modellərini dəyişmədən bu platformaya tətbiq etməyə çalışırlar. Halbuki “TikTok”un fundamental fərqi istifadəçi davranışında gizlidir: istifadəçi bu platformaya reklama baxmaq üçün deyil, maraqlı və əyləncəli kontent izləmək üçün daxil olur. Bu isə o deməkdir ki, burada satış birbaşa reklamdan yox, düzgün qurulmuş kontent strategiyasından başlayır.
Digər vacib problem auditoriya davranışının yetərincə analiz edilməməsidir. “TikTok”un alqoritmi əsasən üç əsas metrik üzərində işləyir: baxış müddəti (watch time), istifadəçi qarşılıqlı əlaqəsi (engagement) və kontentin saxlanma (save) göstəriciləri. Yerli bizneslərin əksəriyyəti isə bu göstəriciləri sistemli şəkildə izləmədən, yalnız video paylaşmaqla nəticə gözləyir. Nəticədə kontent ya kifayət qədər yayılmır, ya da düzgün olmayan auditoriyaya çatdırılır və bu da satış potensialını minimuma endirir.
Praktik yanaşmada uğurlu “TikTok” satış strategiyası üç əsas sütun üzərində qurulmalıdır. Birincisi, platformaya uyğun “native” kontent istehsalıdır. Yəni reklam kimi görünməyən, daha səmimi, real və diqqət çəkən videolar. İkincisi, sürətli test və iterasiya prosesidir: müxtəlif kontent formatları kiçik büdcələrlə test edilməli, nəticələr ölçülməli və effektiv olanlar seçilməlidir. Üçüncüsü isə düzgün hədəflənmiş reklam dəstəyidir. Yəni, yalnız artıq performans göstərmiş kontentin reklamla genişləndirilməsi.
Bundan əlavə, bir çox bizneslər “TikTok”da satış gözləntisini çox erkən mərhələdə qurur. Halbuki bu platformada istifadəçi qərarvermə prosesi mərhələlidir: əvvəlcə diqqət qazanılır, sonra etibar formalaşır və yalnız bundan sonra satış baş verir. Bu ardıcıllıq nəzərə alınmadıqda, reklam xərcləri artır, lakin konversiya əldə olunmur.
Nəticə etibarilə, Azərbaycan bizneslərinin TikTok-da satış edə bilməməsinin əsas səbəbi texniki məhdudiyyətlər deyil, strateji yanaşmanın düzgün qurulmamasıdır. Platformanın dinamikasını anlayan, kontent mərkəzli düşünən və məlumat əsaslı qərarlar verən bizneslər isə artıq bu kanalı effektiv satış alətinə çevirə bilirlər.
Marketing and PR Expert | Digital Marketing Lead | Product Owner | Writer1 gün əvvəl