23 Yan 2026 | Marketinq

Yeni ildə Albaniyaya səyahət etdim və gəzməklə yanaşı, peşə refleksi olaraq, ölkədə marketinqin necə işlədiyini müşahidə etdim və araşdırdım.
İlk diqqətimi çəkən məqam bu oldu:
Albaniyada böyük reklam kampaniyalarındansa, sadə, birbaşa və insani ünsiyyətə əsaslanan marketinq yanaşmaları daha geniş yayılıb.
1️⃣ Albaniyada ümumi bazar mühiti
Albaniya bazarında əsasən kiçik və orta bizneslər üstünlük təşkil edir. Restoranlar, kafelər, suvenir dükanları və ailə biznesləri bazarın əsas hissəsidir.
Brendləşmə anlayışı mövcuddur, lakin bu, çox vaxt bahalı dizayn, iri reklam kampaniyaları deyil, sabit və şəxsi müştəri münasibətləri üzərində qurulur.
Azərbaycanda isə, xüsusilə Bakıda, bazar daha mərkəzləşmişdir. İri şəbəkələr, franchising modelləri və korporativ brendlər bazarda daha güclü mövqeyə malikdir. Bu da marketinq strategiyalarının daha planlı, daha ölçülə bilən, daha peşəkar şəkildə qurulmasına səbəb olur.
2️⃣ Küçə marketinqi və birbaşa ünsiyyət
Albaniyada küçə marketinqi çox aktivdir. Mağaza sahibləri müştəriləri şəxsən salamlayır, restoranların menyusu çöldə açıq şəkildə nümayiş olunur, bəzən işçilər müştərini birbaşa içəri dəvət edir.
Azərbaycanda isə bu yanaşma daha az istifadə olunur və bəzən “peşəkar olmayan davranış” kimi qəbul edilə bilər. Bizdə əsas fokus vitrin estetikası, vizual dizayn, brend imicidir.
3️⃣ Qiymət və danışıqlar mədəniyyəti
Albaniyada qiymət məsələsində elastiklik demək olar ki, yoxdur. Turistlər üçün xüsusi endirim nadirdir, qiymət razılaşması normal qəbul edilmir
Azərbaycanda isə qiymətlər daha elastikdir, xüsusilə xidmət və qeyri-rəsmi satış nöqtələrində danışıqlar adi haldır.
4️⃣ Sosial media və Rəqəmsal marketinq
Albaniyada sosial media, xüsusilə Instagram və Facebook, kiçik bizneslər üçün əsas marketinq alətidir.
Bir çox restoran telefonla çəkilmiş real fotolar paylaşır, gündəlik story-lərlə aktiv qalır, Influencer olmasa belə, real müştəri təcrübəsini göstərir. Azərbaycanda isə sosial media daha peşəkar istifadə olunur, foto və video çəkilişlər planlıdır, reklam büdcəsi ayrılır, Influencer marketinq daha geniş yayılıb. Bu baxımdan Azərbaycan bazarı texniki və vizual olaraq daha inkişaf etmiş hesab oluna bilər.
5️⃣ Etibar: brendə yoxsa insana?
Albaniyada marketinq mənə daha canlı və insani göründü. İnsanlar brendə yox, insana güvənir. Azərbaycanda isə etibar daha çox brend adına, dizayna, sosial sübuta (review, izləyici sayı) bağlıdır. Hər iki bazarın üstünlükləri var. Albaniya səmimiyyəti ilə, Azərbaycan isə peşəkarlığı ilə seçilir.
🇦🇱 Albaniya bazarı bizə göstərir ki:
• Marketinq üçün böyük büdcə həmişə vacib deyil
• Müştəri ilə birbaşa əlaqə güclü silahdır
• Sadəlik bəzən daha təsirli olur
🇦🇿 Azərbaycan bazarı isə sübut edir ki:
• Planlı strategiya uzunmüddətli uğur gətirir
• Brend imici etibar yaradır
• Rəqəmsal marketinq düzgün istifadə edildikdə çox güclüdür
🤝🏻 Ən ideal yanaşma bu iki modelin balansını tapmaqdır.
Albaniyadan həm də çox maraqlı səyahət vlogu çəkmişəm: https://youtu.be/zy2h5H7jMRk
Head of Marketing4 gün əvvəl