İT

İdeyan milyonlara toxunsun – Gələcəyin metrosunu süni intellektlə yarat
"Bakı Metropoliteni" QSC-nin təşəbbüsü ilə süni intellekt (AI) həlləri ilə metroda sıxlığın aradan qaldırılması və axının idarə edilməsi məqsədilə “Metro Hackathon” layihəsinə start verilir.
Şəhərin nəbzi sənin əlindədir. Hər gün yüz minlərlə insanın istifadə etdiyi Bakı Metropolitenində hərəkəti daha ağıllı, sürətli və rahat etməyə hazırsan?
"Bakı Metropoliteni" QSC innovativ texnologiyalara, məlumatların analizinə və süni intellektə marağı olan gəncləri nəqliyyat sisteminin gələcəyini dəyişdirməyə çağırır!
Bakı Metropoliteni tarixində ilk dəfə olaraq şəhərin tam mərkəzində - “İçərişəhər” stansiyasında keçiriləcək yarışmada komandanla birlikdə real problemlərə innovativ texnoloji həllər tapacaqsan.
Çağırışlar: Nə həll ediləcək?
Hakaton çərçivəsində gənclər Metropolitenin təqdim edəcəyi real məlumat bazasından istifadə edərək aşağıdakı 7 çağırış üzrə süni intellekt əsaslı konseptlər hazırlayacaqlar:
1. Məlumatların bərpası və proqnozlaşdırma: Natamam məlumatların analitik üsullarla bərpası və pik saatlarda sərnişin axınının dəqiq proqnozlaşdırılması.
tarixi turniket məlumatları
həftənin günləri və pik saatlar
hava şəraiti
şəhərdə keçirilən tədbirlər
2. Ağıllı keçid idarəetməsi: Stansiya girişlərində, turniketlərdə və keçidlərdə sərnişin sıxlığını azaltmaq üçün görüntü tanıma və süni intellekt əsaslı idarəetmə həllərinin hazırlanması.
kamera görüntüləri və video analitika
real vaxt rejimində sərnişin sıxlığı
keçidlərdə yaranan “dar yerlər”in aşkarlanması
sıxlıq risklərinin erkən müəyyən edilməsi
3. Eskalator yükünün balanslaşdırılması: Sərnişin axınının sıxlığına əsaslanaraq eskalatorların iş rejimini optimallaşdıran və keçidlərdə sıxlığı azaldan avtomatlaşdırılmış sistemlərin hazırlanması
eskalator zonalarında sərnişin axınının analizi
sərnişin hərəkət istiqamətinin müəyyən edilməsi
eskalatorların iş rejiminin optimallaşdırılması
4. Platformada sərnişinlərin bərabər paylanması: Platformada sərnişinlərin qatar boyunca qeyri-bərabər paylanmasını analiz edən və sərnişinləri daha az dolu vaqonlara yönləndirən süni intellekt əsaslı həllərin hazırlanması.
platformada sərnişinlərin məkan üzrə paylanması
vaqonların doluluq səviyyəsinin analizi
sərnişin axınının optimallaşdırılması
5. Dinamik interval idarəetməsi: Sərnişin axını və qatarların mövqeyinə əsaslanaraq qatarların hərəkət intervallarının real vaxt rejimində optimallaşdırılması.
stansiyalar üzrə sərnişin axını
platformalarda sıxlıq səviyyəsi
qatarların mövqeyi və hərəkət qrafiki
6. Minmə-düşmə prosesinin optimallaşdırılması: Qatar qapıları qarşısında yaranan sıxlığı azaltmaq və sərnişinlərin təhlükəsiz minmə-düşməsini təmin etmək üçün sərnişin davranışını analiz edən texnoloji həllərin hazırlanması.
platformada sərnişin davranışının analizi
qapılar qarşısında sıxlıq yaranma səbəbləri
minmə və düşmə prosesinin müddəti
7. Metro şəbəkəsinin mini “Digital Twin” modeli: Müxtəlif əməliyyat vəziyyətlərində sərnişin axınının dəyişməsini modelləşdirən sadələşdirilmiş “Rəqəmsal əkiz” konseptinin hazırlanması.
stansiyalar üzrə sərnişin axını məlumatları
marşrut və keçid strukturu
iri tədbirlər və pik saat ssenariləri
Niyə iştirak etməlisən?
Unikal məkan: Adi ofisləri unudun! Kodlama və intensiv komanda işi “İçərişəhər” stansiyasında baş tutacaq. Final təqdimat layihələri isə birbaşa rəhbərliyə təqdim etmək üçün Bakı Metropoliteninin Texnoloji korpusunda yerləşən Akt zalında keçiriləcək.
Real məlumatlar: Bakı Metropoliteninin sərnişin axını və real iş rejimi ilə bağlı datalar üzərində işləmək imkanı.
Güclü mentorluq: AI/Data analitika, proqramlaşdırma, dizayn, məhsul inkişafı (biznes) və nəqliyyat texnologiyaları üzrə ölkənin qabaqcıl ekspertlərindən davamlı dəstək.
Karyera və şəbəkələşmə: İdeyanı birbaşa innovasiya ekosisteminə sübut etmək fürsəti.
Real tətbiq: Ən yaxşı layihələr metro sistemində pilot olaraq test edilə bilər – Təklifin reallığa çevrilir!
Mükafatlar:
1-ci yer — 5 000 AZN
2-ci yer — 3 000 AZN
3-cü yer — 1 000 AZN
Qalib komandalar üçün əlavə təcrübə imkanları
Kimləri axtarırıq?
Fərqli biliklərə sahib istedadların gücünə inanırıq! Əgər aşağıdakı sahələrdən birində təcrübən və ya böyük həvəsin varsa, bu hakaton sənin üçündür:
Süni intellekt (AI/ML) mühəndisləri
Data analitiklər
Proqramçılar (Backend/Frontend/Mobile)
İstifadəçi interfeysi dizaynerləri (UI/UX)
Layihə rəhbərləri (PM) və biznes/marketinq mütəxəssisləri
(Qeyd: İştirak üçün əvvəlcədən komanda qurmağa ehtiyac yoxdur! Müraciətlər fərdi qaydada qəbul edilir və ideal, balanslaşdırılmış komandalar (3-5 nəfərlik) yarışmanın ilk günü təşkilatçılar tərəfindən formalaşdırılacaq).
Vacib tarixlər və məkanlar:
Müraciətlərin qəbulu: 19 mart–20 aprel 2026
Yarışma günləri: 1-3 may 2026 (“İçərişəhər” stansiyası)
Final təqdimatları: 3 may 2026 (Bakı Metropoliteninin Texnoloji korpusu, Akt zalı)
Şəhərin hərəkətini süni intellektlə dəyişməyə hazırsan?
Yerlər məhduddur! Öz ixtisasını seç, bacarıqlarını qeyd et və ən güclülərin sırasına qatıl.

Tədbiri irəli çək
Daha çox iştirakçıya çat