İş elanlarına keç
Tədbirlərə keç
Azərbaycan Respublikasının müstəqillik əldə etməsindən sonra ölkə iqtisadiyyatı bazar prinsipləri əsasında formalaşmağa başladı. Sovet dövründən miras qalan köhnə istehsal strukturları yeni iqtisadi şəraitə uyğunlaşa bilmədiyindən bir çox müəssisə fəaliyyətini dayandırdı və bu, ciddi işsizlik problemi yaratdı. Xüsusilə qida sənayesi sahəsində boşluqlar yarandı.
Bu dövrdə ölkəyə gələn xarici investorlar arasında Azərsun Holdinq Şirkətlər Qrupunun qurucusu Abdolbari Gozalda yer alırdı. O, Azərbaycanda “İntersun” Şirkətlər Qrupunun təmsilçiliyini yaradaraq ilkin mərhələdə bazarı əsas qida məhsulları ilə təmin etdi. Ümummilli Lider Heydər Əliyevin tövsiyələrini rəhbər tutan A. Gozal sənaye sahələrinə sərmayə yatıraraq istehsalın və məşğulluğun bərpasına töhfə verdi.
1994-cü ildən etibarən birbaşa xarici sərmayə ilə çay və yağ zavodları özəlləşdirilərək yenidən fəaliyyətə başladı. Sonrakı illərdə ölkənin müxtəlif bölgələrində konserv zavodları, 2006-cı ildə isə regionun ən böyük müəssisələrindən biri olan İmişli Şəkər Zavodu istismara verildi. Kənd təsərrüfatının inkişafı məqsədilə Biləsuvarda minlərlə hektar torpaq rekultivasiya olundu.
2010-cu ildə Masazır Duz Zavodu istifadəyə verildi və Azərbaycan duz idxal edən ölkədən ixracatçıya çevrildi. Həmin il Azərbaycanın ilk müasir ticarət mərkəzi olan “Park Bulvar” AVM, 2011-ci ildə isə “Bazarstore” supermarketlər şəbəkəsi yaradıldı. 2013-cü ildə Kürdəmir Süd Emalı Zavodu fəaliyyətə başladı.
Ətraf mühitin mühafizəsini prioritet hesab edən Holdinq 2014-cü ildə Azərsun Sənaye Parkını istifadəyə verdi. Bu gün “tarladan süfrəyə” istehsal fəlsəfəsi ilə fəaliyyət göstərən Azərsun Holdinq, qida sənayesi, kənd təsərrüfatı, qablaşdırma və kağız sahələrində 30-dan artıq müəssisəni birləşdirən, ölkənin aparıcı sənaye qruplarından biridir. İstehsal olunan məhsullar həm daxili bazarın ərzaq təhlükəsizliyini təmin edir, həm də Azərbaycanın ixrac potensialına mühüm töhfə verir.