Haqqımda
Mən Etibar Xıdırov – sosial sahibkar, sahibkarlıq və kraudfandinq sahəsində çalışan, təlimçi və mentoram.
İlk iş təcrübəmə Toxum.org – Azərbaycanın ilk kraudfandinq platformasında layihə meneceri kimi çalışaraq başlamışam. 2 ilə yaxın çalışdığım müddətdə “Toxum” adlı ilk yerli kraudfandinq və sosial sahibkarlıq kitabının ərsəyə gəlməsində rol almışam və həmçinin 4 fərqli regionda həyata keçirdiyimiz Toxum School layihəsinin koordinatorluğunu üstlənmişəm. Daha sonra Coders Azerbaijan-da proqram meneceri kimi çalışaraq Qusar, Şabran və Siyəzəndə “Technest” təqaüd proqramını idarə etmişəm.
2022-ci ildən isə təsisçisi olduğum Dəstəkçi - Sosial Sahibkarlıq və Kraudfandinq platforması üzərindən sosial təşəbbüslərə maliyyə toplama, tanıtım və icma quruculuğu istiqamətində dəstək oluram. Bu dövrdə 10-dan çox layihənin uğurla reallaşmasına yardım etmiş, ilk dəfə olaraq Azərbaycanda sosial sahibkarlarla şirkətləri bir araya gətirən “1-ci Korporativ Sosial Satınalma Sərgisi”ni təşkil etmişəm. Eyni zamanda, Azərbaycan dilində “Sosial Sahibkarlıq Onlayn Bələdçi Kitabçası”-nı hazırlamışam.
Hazırda 2024-cü il mart ayında təsis etdiyim Dəstəkçi İcma Mərkəzi vasitəsilə gənclərin, müəllimlərin, təlimçilərin və təşəbbüskarların rahat şəkildə fəaliyyət göstərə biləcəyi bu məkanda fəaliyyətimi davam etdirirəm.
Eyni zamanda qlobal UNİCEF-in UpShift - Gənclərin Sosial İnnovasiya Proqramı , SAGE- Students Academy for Global Entrepreneurship və digər proqramlarda təşkilatçı , təlimçi və mentor kimi çalışaraq gənclərin ideyalarını dəstəkləməyə davam edirəm.