31 May 2026

Azərbaycan təhsil sistemində süni intellekt texnologiyalarının tətbiqi istiqamətində mühüm addım atılıb. Elm və Təhsil Nazirliyi ilə OpenAI arasında yeni əməkdaşlıq çərçivəsində ölkədə adaptiv öyrənmə platformasının hazırlanmasına start verilib. Layihənin “Rəqəmsal məktəb” təşəbbüsü daxilində həyata keçirilməsi planlaşdırılır.
Yeni platforma 500 mindən çox şagirdin fərdi öyrənmə ehtiyaclarına uyğun təhsil almasına dəstək verməyi hədəfləyir. Bunun üçün süni intellekt texnologiyalarından istifadə olunacaq və sistem mövcud təhsil proqramına əlavə dəstək vasitəsi kimi inteqrasiya ediləcək.
Hazırlanacaq həll şagirdlərin bilik səviyyəsini müəyyənləşdirərək onların güclü və inkişaf etdirilməli tərəflərini analiz edəcək. Platforma hər bir şagird üçün fərdiləşdirilmiş tapşırıqlar təqdim edəcək, öyrənmə prosesini daha effektiv və məqsədyönlü hala gətirəcək.
Layihə çərçivəsində müəllimlər və məktəb rəhbərləri də yeni imkanlar əldə edəcəklər. Sistem tədris prosesinin nəticələrini real vaxt rejimində izləməyə, şagirdlərin inkişaf göstəricilərini analiz etməyə və daha dəqiq qərarlar qəbul etməyə kömək edəcək. Eyni zamanda aidiyyəti dövlət qurumları da ümumi statistik göstəriciləri operativ şəkildə izləyə biləcəklər.
Platformanın tətbiqi ilkin mərhələdə pilot layihə kimi həyata keçiriləcək. Əldə olunan nəticələr qiymətləndirildikdən sonra layihənin mərhələli şəkildə daha geniş miqyasda tətbiqi nəzərdə tutulur. Proses zamanı müəllim nəzarəti, milli kurikulumun tələbləri, məlumat təhlükəsizliyi və davamlı qiymətləndirmə prinsipləri əsas prioritetlərdən olacaq.
Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, layihə müəllim və şagirdlərin süni intellekt alətlərindən daha səmərəli və məsuliyyətli istifadə etməsinə şərait yaradacaq. Onun sözlərinə görə, bu əməkdaşlıq ölkədə rəqəmsal transformasiya prosesinə və dövlət tərəfindən müəyyən edilmiş rəqəmsal inkişaf prioritetlərinə uyğun şəkildə həyata keçirilir.
OpenAI şirkətinin Təhsil və Dövlət Proqramları üzrə bazara çıxış rəhbəri Kevin Mills isə Azərbaycanın süni intellekt texnologiyalarının təhsildə tətbiqi sahəsində strateji və uzaqgörən yanaşma nümayiş etdirdiyini vurğulayıb. O qeyd edib ki, OpenAI texnologiyaları əsasında qurulacaq platforma tədris prosesini daha interaktiv edəcək, müəllimlərin işini asanlaşdıracaq və şagirdlərin gələcəyin bacarıqlarını mənimsəməsinə dəstək verəcək.
Əməkdaşlıq yalnız təhsil sahəsi ilə məhdudlaşmayacaq. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə OpenAI arasında süni intellekt ekosisteminin inkişafına yönəlmiş birgə təşəbbüslər də həyata keçiriləcək. Bu çərçivədə hakatonlar, “Build Day” tədbirləri, tədqiqat layihələri və innovasiya proqramlarının təşkili planlaşdırılır.
Məqsəd Azərbaycanın süni intellekt sahəsində regional liderlərdən birinə çevrilməsini dəstəkləmək və ölkədə innovativ texnologiyaların inkişafını sürətləndirməkdir.